MİLLİ MƏCLİSDƏ QƏBUL
Oktyabrın 10-da Milli Məclisin sədri Murtuz Ələsgərov Böyük Britaniya parlamenti icmalar palatasının üzvü Con MakUilyamı qəbul etmişdir.
Murtuz Ələsgərov qonağı səmimiyyətlə salamlayaraq dedi ki, ölkəmizin rəhbərliyi Azərbaycan ilə Böyük Britaniya arasında hərtərəfli münasibətləri inkişaf etdirməyə çalışır. Bununla əlaqədar o, Böyük Britaniya parlamenti üzvlərinin ölkəmizə səfərini yüksək qiymətləndirdi. Milli Məclisin sədri əlaqələrin möhkəmləndirilməsində ölkələrimizin dövlət başçılarının görüşlərinin böyük əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ildən bəri Böyük Britaniyada dəfələrlə səfərdə olmuşdur. Dövlətimizin başçısının birinci səfəri zamanı mühüm sənədlər, o cümlədən əməkdaşlıq haqqında bəyannamə imzalanmışdır. Həmin sənədlər qarşılıqlı surətdə faydalı əlaqələrin hüquqi əsasını qoymuşdur. Prezident Heydər Əliyev faşizm üzərində qələbənin 50 illiyi münasibətilə İngiltərə paytaxtında keçirilmiş tədbirdə də iştirak etmişdir. İngiltərənin baş naziri Toni Bleyerin dəvəti ilə dövlətimizin başçısının 1998-ci ildə etdiyi rəsmi səfər qarşılıqlı surətdə faydalı münasibətlərin genişlənməsində mühüm mərəhələ olmuşdur.
Murtuz Ələsgərov parlamentlərarası münasibətlərin inkişafından danışaraq dedi ki, 1996-cı ildə Böyük Britaniyanın geniş tərkibdə parlament nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu münasibətlərə yeni təkan verilmişdir. Bir il sonra Milli Məclisin nümayəndə heyəti Londonda olmuş və İngiltərə parlamentinin hər iki palatasının rəhbərləri ilə görüş keçirmişdir.
Milli Məclisin sədri ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdə iri İngiltərə şirkətlərinin yaxından iştirakını xüsusi vurğulayaraq xatırlatdı ki, bp şirkəti Azərbaycanın neft sektorunda fəaliyyət göstərən dünya şirkətləri arasında mühüm mövqe tutur.
Sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrindən, bu problemin dincliklə nizama salınmasına dair danışıqlar prosesindən ətraflı danışdı. O vurğuladı ki, erməni təcavüzkarları işğal edilmiş Azərbaycan ərazilərində narkotik bitkilər becərir, bunlardan hazırlanan narkotik maddələrin satışından əldə olunan pulları terrorçuların dəstəklənməsinə yönəldirlər.
Con MakUilyam səmimi qəbula görə təşəkkür edərək dedi ki, Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir və bu qrupun dəvəti ilə Milli Məclisin nümayəndələri gələn ilin martında Londona səfər edəcəklər. Qonaq dedi ki, Britaniya parlamentinin deputatları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli sahəsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirlər. O bildirdi ki, Londona qayıtdıqdan sonra Azərbaycan qaçqınlarına yardım üçün maliyyə vəsaiti ayrılması barədə Böyük Britaniyanın dövlət naziri ilə danışıqlar aparacaqdır.
Qəbulda qarşılıqlı maraq doğuran məsələlər barədə də ətraflı fikir mübadiləsi oldu.