MİLLİ MƏCLİSDƏ SEMİNAR
Oktyabrın 9-da Milli Məclisdə “Məhbusların hüquqlarının qorunması sahəsində insan hüquqları müvəkkilinin (ombudsmanın) fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Seminarı ölkə parlamenti, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının insan hüquqları müvəkkili (ombudsman) təşkil etmişdir.
Azərbaycan Respublikasının insan hüquqları müvəkkili Elmira Süleymanova seminarı giriş sözü ilə açaraq, ölkəmizdə ombudsman təsisatı strukturlarının formalaşması prosesi üzərində ətraflı dayandı. O bildirdi ki, BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsi, vətəndaşların qanunla eyni dərəcədə müdafiə olunmaq hüququ ilə bağlı konvensiyalar, habelə məhbuslarla davranış qaydalarının minimum standartları haqqında normativ sənədlər və digər beynəlxalq aktlar Milli Məclisdə ratifikasiya olunduqdan sonra ölkəmizdə insanın əsas hüquq və azadlıqlarının qorunması üzrə böyük iş görülür.
Sonra Azərbaycan Universitetinin kafedra müdiri Aydın Usubovun və Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini Kamran Şəfiyevin vətəndaşların yaşamaq, azadlıq və toxunulmazlıq hüququ və məhbusların hüquqlarının qorunmasında ombudsmanın səlahiyyətləri haqqında məruzələri dinlənildi.
Sonra məhkəmə orqanlarının və Ədliyyə Nazirliyinin nümayəndələri ölkəmizdə penitensiar sistemində islahatlar aparılması məsələlərinə dair müzakirələr apardılar. Çıxış edənlərin hamısı bildirdilər ki, ölkəmizdə olmuş nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri həbsxanalarda yaradılmış şəraiti müsbət qiymətləndirirlər. Natiqlər ombudsman təsisatı ilə məhkəmə-hüquq orqanlarının qarşılıqlı fəaliyyətinin yaxşılaşmasına kömək edən belə tədbirlərin keçirilməsinin vacibliyini də vurğuladılar.