MİLLİ MƏCLİSƏ SEÇKİLƏRLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Qarşılıqlı anlaşma şəraitində keçən görüşün əsas müzakirə mövzusu Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər olmuşdur.
Baş prokuror Zakir Qaralov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin demokratik və şəffaf prosedurlar əsasında keçirilməsi, ölkə vətəndaşlarının seçki hüquqlarının tam təmin olunması üçün dövlətimiz tərəfindən bütün əsaslar yaradılmışdır. O, həmçinin bu istiqamətdə həyata keçirilən dövlət tədbirləri sırasında Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli sərəncamlarının müstəsna əhəmiyyətini və bu sərəncamlardan irəli gələn tövsiyələrin həyata keçirilməsinin zəruriliyini bildirərək seçki ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün Baş Prokurorluq tərəfindən görülən tədbirlər barədə qonaqlara ətraflı məlumat vermiş, həmin tədbirlərə dair prokurorluğun kütləvi informasiya vasitələri ilə yaydığı məlumatı təqdim etmişdir.
Qonaqları maraqlandıran sualları cavablandıran baş prokuror, Azərbaycan Respublikası Prokurorluğunun vətəndaşların seçki hüquqlarının, eləcə də seçkilər zamanı insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək üçün bundan sonra da zəruri tədbirlərin həyata keçirəcəyini diqqətə çatdırmışdır.
Qarşıdan gələn seçkilərin Azərbaycanda demokratiyanın inkişafında növbəti mühüm addım olacağını bildirən Eduard Lintner, bu sahədə görülən işləri və həyata keçirilən tədbirləri müsbət qiymətləndirmişdir.