MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYALARININ İCLASLARI KEÇİRİLMİŞDİR
Birinci layihə barəsində məlumat verən İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova demişdir ki, bu qanun Azərbaycan Respublikası əhalisinin registrinin müasir informasiya texnologiyaları vasitəsilə formalaşdırılmasını, aparılmasını, istifadəsini və informasiya mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Sonra Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini Kamran Şəfiyev layihə barəsində ətraflı məlumat vermişdir.
İkinci məsələ barəsində məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif olunan dəyişiklik dövlət başçısının aylıq əmək haqqı ilə əlaqədardır. Seçki Məcəlləsinin 209-cu maddəsinin 2-ci bəndinə edilən dəyişiklikdə Azərbaycan Respublikası Prezidentinin aylıq vəzifə maaşı 15000 manat (yeni manat miqyasında) müəyyən edilir. Qanunun mövcud variantında isə deyilir ki, “And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti qanunla müəyyən edilmiş minimum əmək haqqının 600 mislində aylıq əmək haqqı alır”.
Deputatlar gündəlikdəki məsələlərə münasibət bildirdikdən sonra qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
X X X
Milli Məclisin Sosial siyasət daimi komissiyasının dekabrın 16-da keçirilmiş iclasında “Banklar haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” və digər qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri Hadi Rəcəbli layihələrlə bağlı məlumat verdikdən sonra deputatlar müzakirə edilən məsələlərə münasibətlərini bildirmişlər. Layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunmuşdur.
X X X
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının dekabrın 16-da keçirilmiş iclasında “Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökuməti arasında Saziş məktubunun təsdiq edilməsi haqqında” və digər məsələlər müzakirə olunmuşdur.
Komissiya sədrinin müavini Gültəkin Hacıyeva demişdir ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə və digər sahələrdə ABŞ-la strateji tərəfdaşdır. Saziş məktubu bu tərəfdaşlığı bir qədər də artırır və möhkəmləndirir.
Deputatlar layihənin parlamentin müzakirəsinə verilməsini qərara almışlar.
X X X
Parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının dekabrın 16-da keçirilmiş iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Dövlət sirri haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri Şəmsəddin Hacıyev demişdir ki, adı çəkilən Saziş Türkiyənin və Azərbaycanın müvafiq qurumlarının xəritəçəkmə sahəsində səmərəli əlaqələr qurması üçün hüquqi baza yaradacaqdır. Tərəflər məhz bu sazişin müddəalarına əsasən, xəritəçilik, geodeziya sahələrində, elmi-texniki sahələrdə əməkdaşlıq edəcəklər.
Hər iki layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.