SİYASƏT
Milli Məclisin deputatı Parisdə AŞPA komitələrinin iclaslarında iştirak edəcək
Bakı, 5 dekabr, AZƏRTAC
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası (AŞPA) komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında qadınlar və kişilər arasında bərabərlik məsələsinə baxılacaq, işə qəbul zamanı yol verilən ayrı-seçkiliyə dair fikir mübadiləsi aparılacaq. Avropada zorakı evliliklər, əlillərin müdafiəsi, milli azlıqların və regional dillərin qorunması kimi aktual mövzular gündəmdə olacaq. Deputat müzakirələrdə yaxından iştirak edəcək.
Sahibə Qafarovanın sədr olduğu AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsində isə Ukrayna müharibəsinin nəticələri, Suriya ilə qonşu olan ölkələrdə qaçqınların vəziyyəti, Aralıq dənizində axtarış və canqurtarma əməliyyatları, qaçqın və məcburi köçkünlər üçün iş imkanlarının yaradılması, miqrant uşaqların məcburi təhsilə cəlb olunması və digər mühüm məsələlər müzakirəyə çıxarılacaq. İclasda “Diaspor siyasəti üzrə parlament şəbəkəsi” mövzusuna xüsusi yer veriləcək.
Komitənin sədri Sahibə Qafarova “Avropada miqrantların radikallaşması və diaspora birlikləri” mövzusu üzrə hazırladığı məruzə barədə ətraflı məlumat verəcək.
Xatırladaq ki, hazırda Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir.