MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 12-də Milli Məclisin növbəti geniş iclası keçirilmişdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov iclası açaraq gündəliyi elan etdi. Gündəlik səs çoxluğu ilə təsdiq olundu.
Cari məsələlərin müzakirəsi zamanı çadır düşərgələrində yaşayan məcburi göçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qızğın diskussiya oldu. Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə diskussiyaya yekun vuraraq bildirdi ki, uğurla həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkə vətəndaşlarının rifahı ildən-ilə yaxşılaşır, qaçqın və məcburi köckünlərə dövlət qayğısı artır.
Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. Birinci məsələ - “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara texniki, tibbi, əczaçılıq, sanitar, baytar və fitosanitar normaların, qaydaların və tələblərin tətbiq edilməsi haqqında” sazişin təsdiqi barədə Milli Məclisin iqtisadi siyasət daimi komissityasının sədri Səttar Səfərov çıxış etdi. Müzakirələrdə iştirak edən deputatlar vurğuladılar ki, bu sazişin ratifikasiyası istehlakçı hüquqlarının müdafiəsi, habelə əhalinin sağlamlığının qorunması üçün çox vacibdir.
Bu sazişi təsdiq etdikdən sonra deputatlar digər sənədi - “Təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” ötən il Moskvada imzalanmış Sazişin müzakirəsinə keçdilər. Deputatlar bütün region üçün təhlükə doğuran Ermənistan AES-in hələ də fəaliyyət göstərdiyini vurğuladılar. Bu sənəd də səs çoxluğu ilə ratifikasiya edildi.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Əli Hüseynov deputatları növbəti sənədin - “Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında” Qərarın məzmunu ilə tanış etdi. Bu sənəd də səs çoxluğu ilə təsdiq olundu.
Günün birinci yarısında parlament üzvələri TRASEKA proqramının həyata keçirilməsi üçün hüquqi baza yaradan mühüm müqaviləyə, -“Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrə dair qlobal texniki qaydaların müəyyənləşdirilməsi haqqında” müqaviləyə ölkəmizin qoşulması barədə iki mühüm sənədi təsdiq etdilər.
Fasilədən sonra “Dövlət qulluqçularının maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olundu.