MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralin 15-də Milli Məclisin növbəti ümumi iclası olmuşdur. Parlamentin sədri Murtuz Ələsgərovun sədrliyi ilə keçən iclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə başlandı.
Milli Məclis Xocavənd rayonu Qaradağlı kəndinin on il bundan əvvəl erməni quldur birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 77 sakininin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Sonra deputatlar “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar \kollegial orqan\ haqqında” Əsasnamənin təsdiq edilməsi barədə məsələni müzakirə etməyə başladılar. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Əli Hüseynov həmin sənədin məzmunu barədə ətraflı məlumat verərək bildirdi ki, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar əvvəlki dövrlərdə də var idi və onların fəaliyyəti Nazirlər sovetinin normativ aktları ilə nizama salınırdı. Lakin ölkədə gedən demokratikləşdirmə prosesləri nəticəsində xüsusi qanunvericilik aktının qəbul edilməsi zərurəti meydana çıxmışdır. Əsasnamə hazırlanarkən mühüm sənədlərdən - Ailə Məcəlləsindən, İnzibati xətalar haqqında qanundan, habelə BMT-nin qəbul etdiyi Uşaq hüquqları haqqında bəyannamədən (1959), Uşaq hüquqları haqqında konvensiyadan (1989) istifadə olunmuşdur. 3 bölmədən və 19 maddədən ibarət Əsasnamədə müvafiq icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar yaratmaq nəzərdə tutulmuşdur. Komissiyalar 6-12 nəfərdən ibarət olacaqdır.
Əsasnamə müzakirə edilərkən deputatlarla yanaşı, daxili işlər, ədliyyə və təhsil nazirliklərinin nümayəndələri də çıxış etdilər. Belə bir yekdil fikri səsləndi ki, Milli Məclisdə hazırlanmış bu sənəd onların uşaqlar və yeniyetmələrlə işinin yaxşılaşmasına kömək edəcəkdir.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov müzakirələrə yekun vuraraq, Əsasnaməni mükəmməl hazırlanmış sənəd kimi qiymətləndirdi və deputatları bu sənədi təsdiq etməyə çağırdı. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar \kollegial orqan\ haqqında” Əsasnamə birinci oxunuşda təsdiq olundu.
Fasilədən sonra deputatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirəsinə başladılar. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov layihənin əsas cəhətləri barədə məlumat verdi.