MİLLİ MƏCLİSİN KOMİSSİYASINDA SLOVENİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, komissiyanın sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Büro üzvü Səməd Seyidov səfiri ölkəsinin Avropa Birliyinə üzv olması münasibətilə təbrik etdi. Bildirdi ki, Sloveniyanın Avropa strukturlarına inteqrasiya üçün keçdiyi yol Azərbaycana örnək ola bilər. Bu təcrübə ölkəmiz üçün də maraq doğurur. Azərbaycanın və Sloveniyanın AŞPA-dakı nümayəndə heyətlərinin sıx əməkdaşlıq etdiklərini, bu beynəlxalq təşkilatda müzakirə edilən məsələlərə yanaşmada mövqelərinin yaxın olduğunu söylədi. Dağlıq Qarabağ münaqişəsi üzrə AŞPA-da məruzəçi təyin olunmasını dəstəkləyən ölkələrdən biri də məhz Sloveniya olduğunu vurğuladı.
Səfir Andre Qrosselli dedi ki, gələn il Sloveniya ATƏT-ə sədrlik edəcəkdir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanı ən çox narahat edən məsələ olduğunu və bu problemin həlli ilə bağlı ölkəmizin AŞPA-dakı nümayəndə heyəti rəhbərinin fikirlərini öyrənmək istədiyini bildirdi.
Səməd Seyidov dedi ki, Azərbaycan Avropa ailəsinin üzvüdür. Ölkəmiz bu problemlə bağlı öhdəliklər qəbul etmişdir. Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll edilməsinin tərəfdarıdır.
Görüşdə Sloveniyanın ölkəmizdəki fəxri konsulu Borut Mequşar iştirak edirdi.