Milli Məclisin nümayəndə heyəti QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edir
Kiyev, 29 noyabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Ukrayna Ali Radasının sədri Andrey Parubiy sessiyada Parlament Assambleyasının 25 illiyi münasibətilə bəyannamənin qəbul olunacağını, assambleyanın hesabatının dinləniləcəyini qeyd edib. İki gün davam edəcək sessiyanın sonunda QDİƏT sədrinin müavinləri seçiləcək.
Azərbaycan Milli Məclisinin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov sessiyada iştirak edirlər.
Qeyd edək ki, QDİƏT 1992-ci il iyunun 4-də təsis edilib. Təşkilat həmin il iyunun 25-də İstanbulda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Albaniya Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya və Ermənistanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi) imzalanması ilə yaranıb. İstanbul Bəyannaməsi ilə yanaşı, iyunun 25-də 11 ölkənin dövlət və hökumət başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanıb.
1998-ci il iyunun 5-də iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə əməkdaşlıq mexanizmi təşkilat statusu alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev