MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİNİN TÜRKİYƏYƏ SƏFƏRİ DAVAM EDİR
Ankaranın Esenboğa hava limanında Milli Məclisin sədrini və onu müşayiət edən şəxsləri Türkiyə Böyük Millət Məclisinin üzvləri və Azərbaycan səfirliyinin əməkdaşları yola saldılar.
Azərbaycan nümayəndə heyətinin üzvləri həmin gün İstanbulun ən məşhur tarixi yerlərindən biri - Kapalıçarşı ilə tanış oldular.
Həmin gün Milli Məclisin nümayəndə heyətinin İstanbul valisi Müəmmər Gülərlə görüşü oldu.
Azərbaycan parlamentinin nümayəndələrini Türkiyədə görməkdən məmnunluğunu söyləyən və onların keçirdikləri görüşləri televiziya kanallarında izlədiklərini bildirən İstanbulun valisi Azərbaycana, onun rəhbərliyinə xüsusi rəğbət bəslədiklərini, qardaş ölkəyə həmişə güvəndiklərini vurğuladı.
Səmimi sözlər üçün təşəkkür edən Milli Məclisin sədri 2004-cü ildə İstanbulda ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkın salınmasının və büstünün qoyulmasının Azərbaycanda yüksək qiymətləndirildiyini dedi. Parlamentin sədri Azərbaycanın İstanbuldakı Baş konsulluğunun uydurma “erməni soyqırımı”, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi və digər mühüm məsələlərlə bağlı keçirdiyi tədbirlərdə yaxından iştirakına görə minnətdarlığını söylədi. Azərbaycana və onun üzləşdiyi problemlərə həssaslıqla yanaşılmasının ölkəmizin rəhbərliyi və ictimaiyyəti tərəfindən razılıqla qarşılandığını bildirdi.
Sonra Mərmərə Qrupu Strateji və Qlobal Araşdırmalar Vəqfinin sədri Akkan Suverin adından Azərbaycan nümayəndə heyətinin şərəfinə axşam yeməyi verildi.