SİYASƏT
Milli Məclisin sədri Osloda Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib.
A.Təvəkküloğlu qeyd edib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət-tarazlığın əldə olunması” mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.
Səfər çərçivəsində Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.
Səfa Mirzəyev milli nümayəndə heyətləri baş katiblərinin görüşündə iştirak edəcək, qaldırılan məsələlərə münasibətini bildirəcək.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.
Nümayəndə heyətinin Norveç Konstitusiyasının 200 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyi də gözlənilir.