MİLLİ MƏCLİSİN SƏDRİ YUNİSEF-İN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİNİ QƏBUL ETMİŞDİR
Milli Məclisin sədri qonağı səmimiyyətlə salamladıqdan sonra demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT və onun qurumları ilə sıx əməkdaşlıq edir. YUNİSEF 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir və biz bu qurumun işini yüksək qiymətləndiririk. YUNİSEF Milli Məclislə də çox sıx əməkdaşlıq etmişdir. Milli Məclisdə uşaq hüquqları, ana və uşaqların sosial müdafiəsi ilə bağlı qanunların hazırlanmasında YUNİSEF-in və digər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmışdır. Azərbaycan parlamentinin “Duzun yodlaşdırılması haqqında” Qanunu BMT-də model qanun kimi qəbul edilmişdir.
Biz istərdik ki, uşaq bağçalarında və evlərində uşaqlara biliklərin verilməsinə xüsusi diqqət yetirilsin və bu işdə azərbaycanlı mütəxəssislərdən istifadə olunsun.
Milli Məclisin sədri əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və gələcəyimiz olan uşaqların problemlərinin həllində, qanunvericilik bazasının təkmilləşdirilməsində YUNİSEF-lə səmərəli əməkdaşlığa ümidvar olduğunu vurğulamışdır.
Hana Singer vaxt tapıb onu qəbul etdiyinə görə Milli Məclis sədrinə minnətdarlıq etmiş və bunu ölkəmizdə uşaqlara göstərilən qayğının təzahürü kimi qiymətləndirmişdir. O demişdir ki, ana və uşaqlar, ümumilikdə, cəmiyyət üçün vacib olan qanunların hazırlanmasında və qəbulunda Azərbaycan parlamentinin rolu, həqiqətən, təqdirəlayiqdir. YUNİSEF indi qəbul olunmuş qanunların monitorinqini keçirmək niyyətindədir və hesab edirik ki, burada da əməkdaşlığımız vacibdir. Biz Azərbaycanda ana və uşaq xəstəliklərinə qarşı mübarizəyə, habelə onların sosial müdafiəsinin təşkilinə dair tövsiyələr də hazırlamışıq.
Oqtay Əsədov demişdir ki, bu tövsiyələrin həyata keçirilməsinə diqqəti artırmaq və kömək etmək daha məqsədəuyğun olardı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.