MİLLİ MUSİQİ ALƏTLƏRİ TƏSVİRİ SƏNƏTDƏ
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dedi ki, bugünkü bayramın xüsusi əhəmiyyəti var. Artıq 5-ci ildir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamına uyğun olaraq, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü – 18 sentyabr Musiqi günü kimi qeyd edilir. Bəstəkarın peşəkar Azərbaycan musiqisinin inkişafında xidmətləri və bu xəzinəyə töhfəsi olduqca böyükdür. Azərbaycan musiqiçilərinin bir çox nəsilləri Üzeyir bəyin zəngin yaradıcılığı əsasında ərsəyə gəlmişdir.
Nazir Üzeyir Musiqi günü çərçivəsində keçirilən tədbirlərdən danışaraq bildirdi ki, xeyriyyə konserti və digər konsertlər, sərgilər, konfranslar olacaqdır. Qeyd edildi ki, Üzeyir Hacıbəyovun fəaliyyətini yalnız musiqi ilə məhdudlaşdırmaq olmaz. O, istedadlı publisist, dramaturq, filosof, gözəl pedaqoq, bir sözlə, çoxşaxəli şəxsiyyət idi, incəsənətin bir çox növlərinə yeni ruh, yeni nəfəs gətirmişdi.
Ə.Qarayev dedi:
- Biz musiqi dünyasını rəssamların gözü ilə göstərməyi qərara aldıq. Bu cür sərgi ilk dəfə keçirilir. Azərbaycan xalqının musiqi mədəniyyətinin çoxəsrlik zəngin tarixi var. Sərgiyə təqdim olunmuş 70-dən çox tabloda qədim simli alətlər təsvir edilmişdir. Onları Nizaminin “Xəmsə”sinə və Şərqin digər klassiklərinin əsərlərinə çəkilmiş miniatürlərdə görmək olar. Musiqi alətləri təkcə tablolarda təsvir olunmayıb, onlara xalçalar və heykəltəraşlıq kompozisiyaları, keramika da həsr edilmişdir.
Sərgiyə gələnləri xoş bir sürpriz gözləyirdi: orta əsrlərin milli geyimində olan musiqiçilər ansamblı Üzeyir Hacıbəyovun gözəl təranələrini əsil və bərpa edilmiş qədim alətlərdə səsləndirdi.
Qopuz, ud, tar, saz, zülfər, bəm tar, yesa tar, santur kimi qədim musiqi alətləri sərgisi də böyük maraq doğurdu. Buraya gələnlər onları ilk dəfə görürdülər.