“MİLLİ SƏVİYYƏDƏ SOSİAL DİALOQUN İNKİŞAFI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Yerli, xarici sərmayəli və müştərək şirkətlərin, həmkarlar ittifaqları nümayəndələrinin iştirak etdiyi tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, ombudsman Elmira Süleymanova, Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Ludek Riçli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (STMK) prezidenti Ələkbər Məmmədov çıxış etmişlər. Qeyd olunmuşdur ki, ölkəmizin Beynəlxalq Əmək Təşkilatı ilə münasibətləri arzuolunan səviyyədədir. Təsadüfi deyildir ki, bu qurumun 55 konvensiyasına qoşulmuşuq. Respublikamızda əmək və sosial müdafiə sahəsində qanunlar beynəlxalq ekspertizadan keçəndən sonra qəbul edilir. MDB məkanında ilk Əmək Məcəlləsi Azərbaycanda qəbul edilmişdir, adambaşına ən çox sərmayə Azərbaycanda düşür. Ölkəmiz sərmayə axınında maraqlıdır, burada çoxlu transmilli şirkətlər fəaliyyət göstərir. Belə bir şəraitdə işçilərin hüquqlarının müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması məsələləri tədricən ön plana keçir.
Natiqlər kollektiv müqavilələrinin bağlanması, işçini azad edərkən həmkarlar ittifaqından razılıq alınması, transmilli şirkətlərin Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi, bu şirkətlərdə qanunvericiliyimizə əməl olunmasına nəzarət məqsədi ilə müvafiq komissiya yaradılması, qeydiyyata alınmamış işcilər probleminin aradan qaldırılması, iş yerinin açılması ilə bərabər iş şəraitinə diqqət yetirilməsi, həmkarlar ittifaqları haqqında qanuna, Əmək və Vergi məcəllələrinə dəyişiklik olunması, sosial dialoq sahəsində beynəlxalq təcrübədən istifadə edilməsi, bütün bu məsələlərin sosial dialoq çərçivəsində həyata keçirilməsi zəruriliyini vurğulamışlar. Milli səviyyədə sosial dialoqun iqtisadi və sosial sahənin islahatında başlıca alət, səmərəli idarəetmənin bir hissəsi olduğu diqqətə çatdırılmışdır.
Sosial tərəfdaşlıq haqqında qanun hazırlanması, Milli Sosial Şura təsis olunması təklif edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Tatyana Babayevanın “Milli səviyyədə sosial əməkdaşlıq”, STMK nümayəndəsi Esmira Əsədullayevanın “Milli səviyyədə aktual sosial dialoq məsələləri”, AHİK təmsilçisi İlyas Əliyevin “Kollektiv müqavilələrin, sazişlərin yerinə yetirilməsinə nəzarət” məruzələri dinlənilib müzakirə olunmuşdur.