Millimizin sabiq futbolçusu karyerasını bərpa edib
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasını bərpa edib.
Bu barədə AZƏRTAC-a 34 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Ötən mövsümün sonunda futbolla vidalaşan təcrübəli oyunçu yenidən yaşıl meydanlara qayıtmasının səbəbini açıqlayıb. R.Əmirquliyev bu qərarı yetirməsi olduğu Qusarın “Şahdağ” komandasının bərpa olunmasından sonra qəbul etdiyini bildirib: “Doğma komandam II Liqada çıxış edəcək. Bəhram Şahquluyev baş məşqçi təyin olunub. Onu uşaq vaxtımdan tanıyıram, həm məşqçim olub, həm də eyni kənddənik. Bəhram müəllimlə xeyli söhbətləşdik. Əlimdən gələni etməyə, II Liqada uğurlu nəticə qazanmaq üçün ona dəstək olmağa hazıram”.
R.Əmirquliyevin sözlərinə görə, “Şahdağ” komandasının bərpası hamı üçün xoş xəbər olub: “Bu qərar əsasən Qusar camaatını sevindirdi. Burada yenidən futbol olacaq. Qusarda futbolun inkişafı üçün çox çalışacağam. Çünki bura mənə çox doğmadır. Ümid edirəm ki, klub yaxın vaxtlarda Premyer Liqada təmsil olunacaq”.
Qeyd edək ki, Rahid Əmirquliyev karyerası ərzində “Xəzər Lənkəran”, “Qarabağ” və “Səbail” komandalarının da formasını geyinib.