MİLOŞEVİÇİN VƏKİLLƏRİ SABİQ ABŞ PREZİDENTİNİ MƏHKƏMƏYƏ ÇAĞIRMAĞI XAHİŞ EDİRLƏR
Vəkillərin hakimlərə verdikləri yazılı xahişdə deyilir: “Birləşmiş Ştatların sabiq prezidenti kimi, cənab Klinton ittihama aid hadisələrdə müəyyən rol oynamış və hadisələr barədə müstəsna məlumata malikdir”.
Vəkillərin sözlərinə görə, Klintonun ifadələri məhkəmənin yaxşı məlumatlı və ədalətli olması üçün gərəkdir. Onlar həmçinin bildirmişlər ki, məhkəmədə ifadə vermək xahişi ilə şəxsən Klintona məktub göndərmiş, amma ondan cavab almamışlar. ABŞ hökuməti Miloşeviçin xahişinə Amerikanın Haaqadakı səfirliyi vasitəsilə verilmiş cavabında bildirmişdir ki, ölkənin keçmiş başçısının məhkəmədə olmasının əleyhinədir.
Miloşeviç iddia edir ki, 1999-cu il Kosovo münaqişəsində o, sülhməramlı rolunu yerinə yetirirdi, hərbi cinayətləri isə Qərb törətmişdir. Miloşeviç məhkəmədən ABŞ ordusunun keçmiş generalı Uesli Klarkın da müdafiə şahidi qismində cəlb olunmasını xahiş etmişdir.
Regionda serblərin azğınlığının qarşısını almaq üçün Bill Klintonun və Böyük Britaniyanın Baş naziri Toni Bleyerin təşəbbüsü ilə başlanmış müharibədə Kosovonun bombalanmasına general Klark rəhbərlik edirdi.
Miloşeviçin məhkəməsi artıq dörd ildir gedir. O, soyqırımda, insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə təqsirləndirilir.