Mingəçevir su anbarında suyun ümumi həcmi ötən illə müqayisədə artıb
Bakı, 23 dekabr, AZƏRTAC
Kür çayının Qıraqkəsəmən məntəqəsində orta su sərfi 229 kubmetr/saniyə təşkil etməklə ötən il ilə müqayisədə 25-30 faiz çox olub. Bu da Mingəçevir su anbarında suyun idarəçiliyində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
O qeyd edib ki, ölkə ərazisində Kürə tökülən çaylarda da sululuq 2021-ci illə müqayisədə bir qədər artıb. Suvarmada suya olan yüksək tələbatı ödəmək üçün Mingəçevir su anbarından Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları vasitəsilə götürülən suyun həcminin bu il daha çox olmasına baxmayaraq, Kür çayına buraxılan suyun həcmi 3 milyard 636 milyon kubmetr olmaqla ötənilki göstəricidən çoxdur. Nəticədə Kür çayında da suyun səviyyəsi kifayət qədər yüksək olub və bu da Xəzər dənizindən dalğalanma zamanı duzlu suların çaya daxil olmasının qarşısının alınmasında mühüm rol oynayıb.
R.Verdiyev qeyd edib ki, Mingəçevir su anbarından aşağıda Kür-Yevlax məntəqəsində orta illik su sərfi saniyədə 128, Zərdab məntəqəsində 144, Surra məntəqəsində isə 115 kubmetr təşkil edib ki, bu da ötən ilki göstəricilərlə müqayisədə bir qədər artıqdır: “Bu il ərzində Mingəçevir su anbarından buraxılan suyun ümumi həcmi 7 milyard 621 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ildəki göstəricidən 16 faiz çoxdur. Anbara daxil olan suyun miqdarının ötən ilə nəzərən çox olması nəticəsində isə keçən illə müqayisədə suyun orta səviyyəsi 3 metr artıq, həcmi isə 13 faiz çox olub”.