Mingəçevirin “Nur” komandası EHF kuboku uğrunda yarışda ilk oyununu keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın qadınlardan ibarət “Nur” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda ilk oyununu keçirib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, son ölkə çempionu Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində İsveçin “Luqi HK” komandası ilə üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 24:24 hesablı heç-heçə ilə yekunlaşıb.
Matça rəqib komanda üstün başlayıb. Lakin təşəbbüsü ələ alan Mingəçevir təmsilçisi hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, isveçli həndbolçular ilk hissədə minimal hesabla qalib gəliblər - 11:10. Görüşün ikinci hissəsində komandamız əzmkar oyun nümayiş etdirib. “Nur” kollektivi qarşılaşmanın ikinci setində güclü rəqibini 14:13 hesabı ilə məğlub etməyi bacarıb.
Görüşü ukraynalı hakimlər briqadası - Marina Dupli və Olena Kaverina idarə edib. EHF nümayəndəsi isə ruminiyalı Horatu Kristian Belu olub.
Komandalar arasında cavab oyunu sentyabrın 17-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.