Minskdə 31 mart - Azərbaycanlıların soyqırımı günü qeyd edilib
Bakı, 29 mart, AZƏRTAC
“Azərbaycan İcmaları Konqresi” Minsk şəhərində, M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirib.
“Azərbaycan İcmaları Konqresi” idarə heyətinin üzvü Məzahir Yusifov tədbir iştirakçılarına 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə məlumat verib.
Minsk şəhərində fəaliyyət göstərən universitetlərin tələbələri Həmid Yusifovun, Süzana Ağayevanın, Dilşad Ağayevanın, Aysun Kərimovanın Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı ilə bağlı məruzələri dinlənilib. Bildirilib ki, azərbaycanlıların kütləvi
surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsrin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Azərbaycan İcmalar Konqresi”nin gənclər şöbəsi müdirinin müavini Soltan Məmmədov 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olduğunu söyləyib. Bildirilib ki, məhz 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.