MİNSKDƏ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN ŞURASININ İCLASI KEÇİRİLƏCƏK
Minsk, 19 may (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 21-də Belarus Milli Kitabxanasının binasında MDB üzvü olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında sazişin iştirakçılarının bədən tərbiyəsi və idman şurasının iclası keçiriləcəkdir.
MDB çərçivəsində bədən tərbiyəsi və idman sahəsində birgə proqramların və layihələrin həyata keçirilməsində əməkdaşlıq mexanizminin yaradılması zərurəti beynəlxalq idman əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi istəyindən, Birlik ölkələrinin bədən tərbiyəsi və idman üzrə dövlət orqanları, milli olimpiya komitələri, beynəlxalq, regional və digər bədən tərbiyəsi və idman təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi yolu ilə bədən tərbiyəsi və idman sahəsində münasibətləri inkişaf etdirmək və təkmilləşdirmək arzusundan irəli gəlmişdir.
Birlik ölkələrinin hökumət başçıları tərəfindən 2007-ci ildə Yaltada imzalanmış MDB üzvü olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında saziş MDB ölkələrinin humanitar sahədə əməkdaşlığının inkişafına növbəti təkan olmuşdur. Sənəddə olimpiya hərəkatının inkişafı üçün əlverişli şərait yaradılması, MDB ölkələri arasında sağlam həyat tərzini və idman nailiyyətlərini təbliğ edən informasiyanın yayılması və müvafiq informasiya mübadiləsi, əhalinin müxtəlif təbəqələri arasında kütləvi bədən tərbiyəsi, sağlamlıq və idman tədbirləri keçirilməsi nəzərdə tutulur.
Dövlətlər qarşılıqlı əsasda əhalinin bədən tərbiyəsi və idman vasitəsi ilə sağlamlaşdırılmasına dair milli proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə, elmi tədqiqat bazalarının yaradılmasına, bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin elmi-metodik və tibbi təminatı sisteminin təkmilləşdirilməsinə kömək edəcəklər.
Tərəflər həm də kütləvi bədən tərbiyəsi və sağlamlıq tədbirləri keçirilməsi üçün birgə fəaliyyət, olimpiya oyunlarına, dünya çempionatlarına, digər iri idman yarışlarına hazırlıq məqsədi ilə maddi idman bazasının inkişafında və möhkəmləndirilməsində qarşılıqlı əsasda iştirak etmək barədə razılığa gəlmişlər.
Sazişin həyata keçirilməsi məqsədi ilə Bədən Tərbiyəsi və İdman Şurası yaradılmışdır. Şura, o cümlədən bu sahədə əməkdaşlığın meyillərinin və perspektivlərinin öyrənilməsi, müştərək proqramların işlənib hazırlanması və həyata keçirilməsi, əhalinin sağlamlaşdırılmasına, idman ehtiyatlarının və yüksək səviyyəli idmançıların hazırlanmasına, olimpiya hərəkatının inkişafına, mənfi sosial hallara qarşı səmərəli mübarizə vasitəsi kimi idmanın təbliğ edilməsinə yönəlmiş tədbirlərin təşkil edilməsi ilə məşğul olacaqdır. Şura, həmçinin bədən tərbiyəsi və idman üzrə milli proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək edəcəkdir.
Şuranın qarşıdakı iclası təşkilati xarakter daşıyacaqdır. İclas iştirakçıları Şuranın iş istiqamətlərini müzakirə edəcək, qurumun sədrini seçəcək, futbol üzrə “MDB ölkələrinin və Baltikyanı dövlətlərin çempionlar kuboku” beynəlxalq turnirinin keçirilməsi məsələsinə baxacaqlar.