MİSİR ƏRƏB RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimində tanınmış elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri xanım Cihan Əmin Məhəmməd Əli tədbir iştirakçılarını salamladıqdan sonra xalqlarımız arasındakı mehriban dostluq münasibətlərindən söhbət açmış və bildirmişdir ki, Misir 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur.
Son illər dövlətlərimiz arasında əməkdaşlıq sahəsində qazanılmış uğurları fəxrlə diqqətə çatdıran səfir əlaqələrimizin bundan sonra
daha da möhkəmlənəcəyinə əmin olduğunu söyləmişdir.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov səfirliyin yeni binasının açılışı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından tədbir iştirakçılarını təbrik etmiş, qardaş Misir xalqına xöşbəxtlik və firavanlıq arzulamışdır.
Milli Məclis sədrinin müavini xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixindən danışaraq, 1994-cü ilin sentyabrında Qahirədə ümummilli liderimiz, Prezident Heydər Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarəklə keçirdiyi görüşün əlaqələrimizin inkişafında mühüm əhəmiyyətini diqqətə çatdırmışdır.
Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov iştirak etmişdir.