Misir qəzeti: Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib
Qahirə, 24 sentyabr, AZƏRTAC
Misirin “Darəlhilal” qəzetində Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın qanunsuz əməlləri ilə bağlı məktub göndərməsi barədə məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə rəsmi Bakının Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdiyi qeyd olunub. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq cəhdlərini vurğulayıb və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatından sonra işğaldan azad edilmiş ərazilərdə minalar basdırdığına dair sübutlar təqdim edib.
Yazıda qeyd olunub ki, 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair tələbini yerinə yetirməyib, nifrət nitqi və zorakılığa qarşı heç bir tədbir görməyib. Rəsmi Bakı ümidvar olduğunu bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bütün bu qanunazidd əməlləri ilə bağlı müvafiq qərar qəbul edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə