MİSİRDƏ II RAMZESİN NƏHƏNG HEYKƏLLƏRİ TAPILMIŞDIR
Misirin Qədim Abidələr İşləri Ali Şurasının başçısı Zəhi Həvas demişdir ki, arxeoloqlar Eyn-Şəms (“Günəşin gözləri”) rayonunda yaşıl şistlə döşənmiş ziyarətgahın qalıqlarına rast gəlmişlər.
Bundan əlavə, həmin bölgədə çəhrayı qranitdən yonulmuş abidələrin çoxsaylı hissələri də aşkarlanmışdır ki, bunlar da, əsasən, Qədim Misir fironlarının heykəlləridir. Ekspertlər bütün əlamətlərə görə II Ramzesə məxsus olan 4-5 ton ağırlığında heykəli başlıca tapıntı sayırlar. Həvasın sözlərinə görə, bu abidənin bərpaya ehtiyacı var.
Aşkar olunan 5,1 metr hündürlüyündə ikinci heykəldə isə II Ramzes oturmuş vəziyyətdə təsvir edilir. Heykəlin arxa hissəsində heroqliflər, sağ tərəfində fironun adı ilə üç möhür həkk edilmişdir. Bundan əlavə, fironun çəhrayı qranitdən yonulmuş 3 ton ağırlığında başı da tapılmışdır.
Eyn-Şəmsdə eramızdan əvvəl IV əsrdə yaranan və kahinliyin mərkəzi olan İunu şəhəri yerləşirdi. Burada, əsasən, Ra (Günəş) allahına sitayiş edir, hər yerdə Günəş məbədləri ucaldılırdı. İlk Günəş təqvimi və bəşəriyyətin tarixində ulduzlu səmanı öyrənən ilk universitet məhz İunuda yaradılmışdı.
Xatırladaq ki, II Ramzes eramızdan əvvəl təxminən 1300-1230-cu illərdə yaşamışdır. II Ramzesin oğlu Seti Suriyanı, Efiopiyanı və Ərəbistanın bir hissəsini işğal etmiş, Süveyş kanalının inşasına başlamışdır. O, tikintidə, əsasən, yəhudiləri işlədir, böyük abidələr ucaldırdı. II Ramzesin mumiyası 1881-ci ildə tapılmışdır.