MİSİRDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİMİZ AZƏRBAYCANI LƏYAQƏTLƏ TƏMSİL EDİRLƏR
Misirdə təhsil alan azərbaycanlı tələbələrin təsis etdikləri “Vətən” təşkilatından AZƏRTAC-a bildirmişlər ki, Qahirədə bu ölkənin Təhsil Nazirliyinin nəzdindəki Xarici Tələbələr Klubunda “Xalqlar günü” adlı 23-cü mədəniyyət festivalı keçirilmişdir. Tədbirdə Azərbaycanı “Vətən” təşkilatı təmsil etmiş, dövlət himnimiz səsləndirildikdən sonra mərasimin aparıcısı Mirdavud Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın inkişafı və tərəqqisi uğrunda görülən işlərdən, ölkəmizin tarixi, iqtisadiyyatı və coğrafi mövqeyindən, üzləşdiyi problemlərdən danışmış, Ermənsitanın Azərbaycan torpaqlarını on üç ildən artıq bir müddətdə işğal altında saxlaması, təcavüzün başvermə səbəbləri və acı nəticələri barədə ətraflı məlumat vermişdir. Azərbaycanın iqtisadi inkişafından və mədəniyyətindən bəhs edən videofilmdən fraqmentlər göstərilmişdir. Sonra digər tələbəmiz Qalib Hacıyev zərb alətində Azərbaycan musiqisi ifa etmiş, gənclərimiz milli rəqslərimizi nümayiş etdirmişlər. Qonaqlar üçün milli üslubda süfrə açılmış, samovar çayı və şirniyyat paylanmışdır.
Festivalda stolüstü tennis yarışı keçirilmiş, 12 ölkədən 26 gəncin mübarizəsində həmyerlimiz Nemət Quliyev II yerin sahibi olmuşdur.
Tədbirin sonunda mükafatlar təqdim olunmuşdur.