Misirin “Diplomatiya” qəzetinin Azərbaycana həsr olunan xüsusi buraxılışı nəşr edilib
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Misirdəki səfirliyimiz tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində siyasi və diplomatik çevrələrdə böyük nüfuza malik olan “Diplomatiya” qəzetinin xüsusi buraxılışı nəşr edilib.
Respublika Günü münasibətilə Qahirə şəhərində səfirlik tərəfindən keçirilən rəsmi qəbulun iştirakçılarına da təqdim olunan 12 səhifəlik qəzetin xüsusi buraxılışı bütünlüklə Azərbaycana həsr olunub. Qəzetdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, sürətlə inkişaf edən iqtisadiyyatı barədə ətraflı məlumatlar yer alıb, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursunun xalqımız tərəfindən rəğbət və dəstəklə qarşılandığı vurğulanıb. Qəzetdə çap olunan məqalələrdə Azərbaycanda keçirilən və keçiriləcək nüfuzlu beynəlxalq tədbirlər, yarışlar barədə də məlumat verilib.
Məqalələrin müəllifləri oxuculara Heydər Əliyev Fondu barədə də məlumat verib, Fondun prezidenti Mehriban Əliyevanın nəcib fəaliyyətinə xüsusi diqqət yetiriblər.
Qəzet xarici işlər naziri Elmar Məmmədyarovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Misir KİV-nə müsahibələrindən sitatlar gətirib.
Həmçinin səfir Tural Rzayevin Misir Prezidenti, xarici işlər naziri, mədəniyyət naziri, ali təhsil və elm naziri ilə görüşləri barədə xəbərlər verilib. İyunun 3-dən iki ölkə arasında mütəmadi aviareyslərin başlanacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, 28 May - Respublika Günü ilə əlaqədar səfirlik tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edən Misirin regional inkişaf nazirinin, xarici işlər nazirinin müavininin, parlamentin xarici əlaqələr komissiyası sədrinin, Azərbaycanın səfirinin Misir kütləvi informasiya vasitələrinə verdikləri müsahibələr də ölkənin yüksək tirajlı “Cümhuriyyə”, “Əl-Nahar”, “Misir Əl-Yaum”, “Vatan” qəzetlərində dərc olunub. Həmin müsahibələr, həmçinin aparıcı televiziya kanallarında, o cümlədən dövlət kanalının informasiya bölməsində, Kanal-1 və peyk kanalı olan Kanal-3-də nümayiş etdirilib.