Mixail Zabelin: Azərbaycanın Rus İcması Azərbaycan xalqına daim minnətdarlıq hissi bəsləyəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanda hər kəsin gərgin olduğu ötən əsrin 90-cı illərinin əvvəlində hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev rus icmasının qarşısında çıxış etdi və söylədi: “Ruslar, heç yerə getməyin, Prezident kimi, mən sizin bütün hüquqlarınızın qarantı və müdafiəçisiyəm”. Ruslar ölkəni tərk etmədilər və təkcə onlar deyil, hamı Heydər Əlirza oğluna inandı. Azərbaycan bir dövlət kimi mövcudluğunu qorudu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin icmanın Respublika şurasının iclasındakı çıxışında söyləyib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycanın Rus İcmasının fəaliyyətinin 30 illiyinə həsr olunan tədbir Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib.
Rus İcmasının sədri qeyd edib: “Hazırda Azərbaycan inkişaf edir, iqtisadi cəhətdən güclü dövlətə çevrilib, sosial məsələləri həll edir. Biz sizinlə Birinci və İkinci Qarabağ müharibələrini yaşamışıq və bilirik ki, Qarabağın qaytarılması hansı əziyyətlər bahasına mümkün olub. Azərbaycan bizim vətənimizdir, burada doğulmuşuq, boya-başa çatmışıq, məktəbi və ali məktəbi bitirmişik, ölkəmiz naminə çalışırıq. Ona görə Azərbaycan xalqına, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə, bizim hazırkı Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həmişə minnətdarlıq hissi bəsləyəcək, Azərbaycanda yaşayan müxtəlif etnik qruplara, milliyyətlərə göstərilən səmimiyyətə görə onlara daim ehtiram göstərəcəyik.