Möhtəşəm Qələbəmiz tariximizin Zəfər salnaməsidir VİDEO
Sabirabad, 5 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Möhtəşəm Qələbəmiz tariximizin Zəfər salnaməsidir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Sabirabad şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət olunub.
Bayraq Muzeyində keçirilən tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonda şəhidlərimizin təltif edildikləri medal onların ailə üzvlərinə təqdim olunub.