Moldovada səfirliyin və diasporun təşəbbüsü ilə koronavirusla bağlı yardım kampaniyasına başlanılıb
Kişineu, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Moldovadakı səfirliyi Moldova Azərbaycanlılar Konqresi ilə birlikdə koronavirus pandemiyası ilə əlaqədar fövqəladə komitə yaradıblar.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, komitəyə səfirliyin əməkdaşları, Konqresin fəal üzvləri daxil olub. Komitəyə sədr diasporun fəal üzvü Maarif Rəhimov seçilib. Artıq Komitə tərəfindən 20 min ley yardım şəklində vəsait Kişinyovun meriyasının Tibbi Yardım Klinikasına göndərilib. Eyni zamanda, Komitə tərəfindən ərzaqlar, lazımi dərman və ləvazimatlar ehtiyacı olanlara, o cümlədən həmyerlilərimizə göndərilir.
Bu barədə məlumat böyük oxucu auditoriyasına malik olan Moldovanın “TRIBUNA” informasiya agentliyində dərc olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu