Moldovadakı Azərbaycan diasporu Ermənistanın hərbi təcavüzünə etiraz olaraq piket keçirib
Kişineu, 13 oktyabr, AZƏRTAC
Moldovadakı Azərbaycan diasporu Ermənistanın təcavüzünə etiraz olaraq piket keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan icmasının 30-dan çox nümayəndəsi Moldovada BMT nümayəndəliyinin binası önündə Ermənistanın son təxribatları çərçivəsində törətdiyi barbarlığa və Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasına yönəlmiş səylərə zidd təcavüzkar siyasətinə etirazlarını bildirərək dinc aksiyada iştirak ediblər.
Piket Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
Azərbaycan diasporu bütün dünyada kütləvi aksiyalar təşkil edərək, dünya ictimaiyyətinin diqqətini ölkəmizin başlatdığı sülh prosesinin Ermənistan tərəfindən müxtəlif bəhanələrlə ləngidilməsinə və sabotaj edilməsinə diqqəti cəlb etmək məqsədi daşıyır. Dünya azərbaycanlıları bu özbaşınalığın dayandırılmasını tələb edir, beynəlxalq ictimaiyyəti dinc əhaliyə qarşı qanlı qətllər və təcavüz törədən Ermənistanı dayandırmağa çağırırlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu