Monreal Konfransının iştirakçıları biomüxtəlifliyin qorunmasına dair sazişi razılaşdırıblar
Bakı, 20 dekabr, AZƏRTAC
Monrealda Bioloji müxtəlifliyik barədə Konvensiyanın tərəflərinin Konfransında flora və faunanın itirilməsi tempini azaltmağa kömək edəcək və okeanların müdafiəsini təmin edəcək tarixi saziş təsdiqlənib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, biomüxtəliflik sahəsində qlobal çərçivə proqramı - “təbiətlə harmoniyada həyat konsepsiyası”nın realizə edilməsinin bir növ “yol xəritəsi” olan bu sənəd konfransın başa çatmasına bir gün qalmış razılaşdırılıb.
“Bu çərçivə proqramının və iddialı vəzifələr, məqsədlər və maliyyə mənbələrini müəyyən edən paketin qəbul edilməsi bizim təbiət dünyası ilə münasibətlərimizin yenidən qurulmasının yalnız ilk addımıdır. Uğur razılaşdığımız məsələlərin realizə edilməsində bizim sürətli və ardıcıl irəliləyişmizlə ölçüləcək”, - deyə UNEP-in icraçı direktoru İnger Andersen bildirib. O vurğulayıb ki, BMT-nin bütün sistemi təbiətlə barışıq strategiyasının realizə edilməsinə qoşulmağa hazırdır.
Bu gün təbiət bəşəriyyət tarixində görünməmiş sürətlə məhv olur. Milyona yaxın flora və fauna növü artıq tam yoxolma səviyyəsindədir. Bir çox heyvan və bitkilər, ümumiyyətlə bütöv ekosistemlər artıq yaxın onilliklərdə iz qoymadan itirilə bilər.
Bəşəriyyətin təbiəti çox uzun müddət dağıtdığını və həddindən artıq istismar etdiyini vurğulayaraq, İnger Andersen bildirib ki, yeni Qlobal hərəkət planının qəbulu ilə həyat tərzini dəyişmək və gələcək nəsillər naminə planeti xilas etmək şansı yaranıb. O əlavə edib ki, flora və fauna və ümumilikdə ekosistemlərin qorunması üzrə tədbirlər həm təbiəti qorumağa kömək edəcək, həm də əhalinin sağlamlığının möhkəmləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin nail olunmasına mühüm töhfə verəcəklər.
Yeni sazişdə dövlətlər 2030-cu ilə qədər quru və dəniz ərazilərinin 30 faizini qorumağa söz veriblər. Bu gün qurunun 17 faizi, dəniz zonalarının 10 faizi belə mühafizə altındadır. Çərçivə proqramında inkişaf etməkdə olan ölkələrdə təbiətin mühafizəsi layihələrinin maliyyələşdirilməsi sxemləri və həcmləri təsbit olunub.
Tarixi sazişi dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Axim Ştayner qeyd edib ki, bu sazişdə biomüxtəlifliyin sürətlə itirilməsinin qarşısını almağa kömək edəcək mühüm vəzifələr təsbit olunub.
“Dünya birliyi bir araya gəlib və iddialı planla bağlı razılığa gəlib. İndi biz bu planı həyata keçirməliyik”, - deyə Ştayner bildirib. O əlavə edib ki, bütün ölkələr və bütövlükdə qlobal iqtisadiyyat sağlam və fəaliyyət göstərən ekosistemlərdən asılıdır. BMTİP rəhbərinin sözlərinə görə, biomüxtəliflik olmadan davamlı inkişafa nail olmaq və qlobal istiləşməni cilovlamaq mümkün deyil. Bəşəriyyətin başqa seçimi olmadığını və təbiətlə harmoniyada yaşamalı, onun mühafizəsini təmin etməli olduğunu bildirən BMTİP rəhbəri imzalanan sazişin bu həqiqətin tanınmasında tarixi məqam olduğunu bildirib. O, sağlam planetdə firavan gələcəyə kursun qurulmasına kömək edən razılaşdırılmış fəaliyyət qurmağa çağırıb.