İDMAN
Montsanın Formula 1 ilə yeni kontrakt bağlayacağı hələ məlum deyil
Bakı, 31 yanvar, AZƏRTAC
İtaliyanın “Aci” avtomobil klubunun prezidenti və Montsadakı avtodromun başçısı Ancelo Stiççi Damiani bildirib ki, Montsanın Formula 1 ilə yeni kontrakt barədə apardığı danışıqlarda hələ ki, irəliləyiş yoxdur.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Montsa kral yürüşlərinin sahibi “Liberty Media” ilə münaqişə səbəbindən Formula 1 çempionatını tərk etməklə hədələyən 16 mərhələdən biridir. Həmçinin Montsanın “Liberty Media” ilə kontraktının müddəti bitmək üzrədir.
“Sazişin yenidən imzalanması hələ məlum deyil, lakin biz əminik ki, hər kəsin marağına uyğun variant tapıla bilər. Çünki Montsa Formula 1 yarışlarını keçirməyə, Formula 1 isə Montsanı qoruyub saxlamağa səy göstərir”, - deyə Ancelo Stiççi bildirib.
Damiani qeyd edib ki, əsas problem “Liberty Media”nın tələb etdiyi pulun miqdarıdır.
“2019-cu il mərhələsi üçün biz 24 milyon dollar pul verəcəyik. Bu, çox böyük vəsaitdir. Biz bu işi yalnız iqtisadi dayanıqlı çərçivədə davam etdirmək istəyirik. Biz “Aci”nin büdcəsini riskə məruz qoya bilmərik”, - deyə “Corriere della Sera” italyandan sitat gətirir.