MOSKVADA BAZARIN UÇMASI NƏTİCƏSİNDƏ HƏLAK OLMUŞ AZƏRBAYCANLILARIN CƏNAZƏLƏRİ VƏTƏNƏ GƏTİRİLMİŞDİR
Xəbər verildiyi kimi, baş vermiş faciə nəticəsində həlak olanların cənazələrinin gətirilməsi və yaralananlara kömək göstərilməsi üçün Azərbaycan Prezidentinin tapşırığı ilə səhiyyə naziri Oqtay Şirəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rusiya paytaxtına ezam olunmuşdular.
Azərbaycan hökuməti nümayəndələrinin, ölkəmizin Moskvadakı səfirliyinin gərgin işi nəticəsində bütün məsələlər operativ şəkildə həll olunmuşdur. Bu işdə Rusiya Fövqəladə Hallar Nazirliyi də yaxından kömək göstərmişdir.
Moskva-Gəncə-Bakı marşrutu ilə Gəncəyə 39, Bakıya 2 cənazə gətirilmişdir. Həlak olanların əksəriyyəti Gəncə şəhərinin və ətraf bölgələrin sakinləridir. Əvvəlki gün isə Bakı, Naxçıvan və Gürcüstana 3 cənazə gətirilmişdir. Moskvada baş vermiş faciə nəticəsində həlak olmuş 65 nəfərdən 44-ü azərbaycanlıdır.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, həlak olanların dəfni ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürmüşdür. Bundan əlavə, onların ailələrinə də lazımi kömək göstəriləcəkdir.