MOSKVADA BAZARIN UÇMASININ SƏBƏBLƏRİNİ ARAŞDIRAN TEXNİKİ KOMİSSİYA YARADILMIŞDIR
Martın 1-də komissiyanın birinci iclası keçirilmiş, bazarın uçmasının səbəbləri müzakirə edilmişdir.
Texniki komissiya bir ay ərzində hadisəni təhlil etməli və martın 30-dək damın məhz hansı səbəbdən uçmasına tam aydınlıq gətirən rəy verməlidir.
İclasda üç işçi qrup yaradılmışdır. Birinci qrup Basman bazarı binasının istismarı məsələlərini təhlil edəcək, ikinci qrup layihəçilərin hesablamalarını yoxlayacaq, üçüncü qrup isə faciə yerindən götürülmüş beton və metal konstruksiya nümunələrini öyrənəcəkdir. Texniki komissiyanın tərkibinə Mərkəzi inzibati dairənin prefekti Sergey Baydakov, Moskva Dövlət Müəssisədənkənar Ekspertiza Xidmətinin rəisi Anatoli Voronin, Moskva Dövlət Memarlıq-Tikinti Nəzarəti İnspeksiyasının rəisi Anatoli Zuyko, habelə Moskvanın aparıcı layihəçiləri və konstruktorları daxil edilmişlər.