MOSKVADA “BEYNƏLXALQ HÜQUQ VƏ MİLLİ QANUNVERİCİLİK” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Bu ali məktəbin “Beynəlxalq hüquq və milli qanunvericilik” mövzusunda təşkil etdiyi beynəlxalq konfrans da “Mejdunarodnoye pravo” jurnalının yubileyinə həsr olunmuşdur. Konfransda beynəlxalq hüquq sahəsində Rusiyanın aparıcı mütəxəssisləri, dünyanın bir sıra ölkələrinin alimləri iştirak etmişlər. N.Səfərov konfransda “Avropa ekstradisiya mexanizmində islahat problemləri haqqında” mövzusunda məruzə etmişdir.
Məruzədə bildirilmişdir ki, beynəlxalq cinayətkarlıqla və ilk növbədə terrorizmlə mübarizə sahəsində yaranan vəziyyət Avropa ekstradisiya sistemində əsaslı islahatlar aparılmasını tələb edir. Məruzədə deyilir ki, müasir mərhələdə ekstradisiya sahəsindəki məhdudiyyətlər dövlətlərin cinayətkarlıqla mübarizədə əməkdaşlığını xeyli çətinləşdirir. Bəzi ekstradisiya məhdudiyyətlərini aradan qaldırmaq üçün 1957-ci il tarixli Avropa Ekstradisiya Konvensiyasına yenidən baxılmalıdır. Azərbaycan MDB dövlətləri arasında 2001-ci ilin mayında ekstradisiya haqqında öz qanununu qəbul edən yeganə ölkədir və BMT-nin Cinayət Axtarışı İdarəsi qanun layihələri hazırlamaq prosesində bundan model kimi faydalanmağı digər ölkələrə tövsiyə etmişdir.
Məruzəçi müttəhimlərin və məhkumların ekstradisiyası üzrə digər dövlətlərlə qarşılıqlı münasibətlərdə Azərbaycanın tətbiq etdiyi əməkdaşlıq sistemi barədə də məlumat vermişdir. RF ilə çox səmərəli qarşılıqlı fəaliyyət təcrübəsi nümunə gətirilmişdir. Bildirilmişdir ki, Azərbaycan və Rusiya 1992-ci ilin dekabrında cinayət işlərinə dair hüquqi yardım barədə müqavilə imzalayan ilk dövlətlərdəndir. Bundan əlavə, Azərbaycan da, Rusiya da cinayət hüququ sahəsində əməkdaşlıq məsələlərində səmərəli normativ baza olan hüquqi yardım haqqında MDB Konvensiyasının iştirakçılarıdır.
N.Səfərovun məruzəsi maraqla dinlənilmiş və konfrans iştirakçılarının qızğın diskussiyasına səbəb olmuşdur.