MOSKVADA BEYNƏLXALQ “İRS” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇIXMIŞDIR
“İrs” jurnalı keçmiş sovet məkanında rus dilində çıxan nüfuzlu nəşrlərdən biridir. Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklər, Rusiya kitabxanaları, Azərbaycan diaspor təşkilatları, habelə müxtəlif qurumlar və ayrı-ayrı vətəndaşlar jurnala abunə yazılırlar. Jurnal İnternet-saytda da yerləşdirilmişdir ki, bu da nəşrin oxucu auditoriyasını daha da genişləndirməyə imkan verir.
“İrs” jurnalı Dünya Rus Mətbuatı Assosiasiyasının üzvüdür və “Rospeçat” Dövlət Agentliyinin kataloquna daxil olan yeganə Azərbaycan nəşridir.
Jurnalın məzmunu onun adına tam uyğundur. Nəşrdə Azərbaycanın ictimai-siyasi, sosial həyatından söhbət açılır, tanınmış alimlərin, ölkəmizin qədim və müasir tarixinə həsr olunmuş məqalələri, xalqımızın mədəniyyəti, incəsənəti, dini, təbabəti və zəngin ənənələri haqqında materiallar dərc edilir.
“İrs” öz səhifələrində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinə də xüsusi yer ayırır. Tarix elmləri namizədi Rəhman Mustafayevin Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya paytaxtına rəsmi səfərinə və onun yekunlarına həsr olunmuş “Strateji tərəfdaşlıq yeni səviyyədə” analitik məqaləsi xüsusi əks-səda doğurmuşdur.
Nəşrin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Yazıçılar Birlikləri Beynəlxalq İttifaqının üzvü Musa Mərcanlının sözlərinə görə, jurnalın əsas məqsədi geniş oxucu auditoriyasını Azərbaycanla daha yaxından tanış etmək, ölkəmiz barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq, respublikamızdakı müsbət dəyişikliklərdən söhbət açmaqdır.