MOSKVADA “İRS” JURNALININ RƏŞİD BEHBUDOVA HƏSR OLUNMUŞ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Jurnalın səhifələrində Rəşid Behbudovun maraqlı həyatından, misilsiz irsindən söhbət açılır. “Azərbaycanı şöhrətləndirən insan”, “Ecazkar səs”, “Onun nəğmələri daim yaşayacaq”, “Onun şöhrəti ölməzdir”, “O, böyük idi” məqalələrində deyilir ki, Rəşid Behbudov sənətinə bu gün də hamı pərəstiş edir. O, öz səsi ilə həmişə insanlara sevinc və məhəbbət bəxş etmiş, dünyanın hər yerində ölkəmizə şöhrət gətirmişdir. R.Behbudovun dahiliyi və böyüklüyü oxuduğu mahnıların insan qəlbinin ən dərin guşələrinə nüfuz etməsində idi. Onun səsini bir dəfə eşidən kəs heç vaxt unutmazdı. Böyük ustadın oxumaq tərzinə irqi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, planetimizin bütün sakinləri heyran qalırdılar. O, öz yaradıcılığı ilə sərhədləri aradan qaldırır, xalqlar arasında dostluq körpüsü salır və sülh ideyalarını yayırdı.
“İrs” jurnalının baş redaktoru Musa Mərcanlı AZƏRTAC-ın müxbirinə demişdir ki, kollektiv jurnal təsis olunduğu ilk gündən qarşısına beynəlxalq birliyi Azərbaycanla yaxından tanış etmək, onun şanlı tarixindən, zəngin mədəniyyətindən və ənənələrindən söhbət açmaq məqsədi qoyur. Mədəniyyət, incəsənət və elm xadimləri də bu prosesə böyük töhfə verirlər. Azərbaycan üçün misilsiz xidmətlər göstərmiş Rəşid Behbudov da bu qəbildən olan insanlardandır. Onun yaradıcılığı ciddi tədqiqatlar mövzusudur. Jurnalın bu nömrəsində oxucularımızı həm müğənninin möhtəşəm yaradıcılığı, həm də dostları və həmkarlarının onunla bağlı maraqlı xatirələri ilə tanış etmək istəyirik.
Jurnala R.Behbudovun mahnıları yazılmış “Qarabağlı oğlan” diski də əlavə olunmuşdur.