MOSKVADA NARKOTİKLƏRLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Rusiya XİN-lə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin birgə təşəbbüsü ilə keçirilən konfransa 50 ölkənin və 23 beynəlxalq təşkilatın nümayəndələri gəlmişlər. Tədbirdə ölkəmizi respublika Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Məzahir Əliyev, Xarici İşlər Nazirliyinin və digər idarələrin nümayəndələri təmsil edirlər.
Konfrans iştirakçıları Əfqanıstandan narkotiklər qaçaqmalçılığı ilə mübarizə məsələlərini müzakirə edəcəklər, çünki bu zəhərin dünya üzrə istehsalının 87 faizi onun payına düşür. Əməkdaşlığın əsas istiqamətləri – sərhəd nəzarəti, bu bəla və digərləri ilə mübarizədə regional və beynəlxalq qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçiriləcəkdir. İyunun 28-də başa çatacaq konfransın yekunlarına əsasən bəyanat qəbul ediləcəkdir. Bəyanat “böyük səkkizliyin” Sankt-Peterburqda keçiriləcək zirvə görüşünün iştirakçılarına təqdim olunacaqdır.