Moskvada qeyri-qanuni miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub
Bakı, 8 dekabr, AZƏRTAC
Moskvada MDB-nin iştirakçısı olan dövlətlərin hüquq-mühafizə orqanlarının qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı məsələləri üzrə elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də MDB-nin iştirakçısı olan dövlətlərin Baş prokurorlarının Koordinasiya Şurasının, Sərhəd Qoşunları Başçıları Şurasının, MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin Koordinasiya Bürosunun, MDB-nin iştirakçısı olan dövlətlərin vergi (maliyyə) tədqiqatları orqanlarının rəhbərlərinin Koordinasiya Şurasının, MDB-nin iştirakçısı olan dövlətlərin maliyyə kəşfiyyatının bölmə rəhbərlərinin Şurasının, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin, MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının Moskvadakı Bürosunun, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Rusiya Federasiyasındakı Nümayəndəliyinin nümayəndələri iştirak ediblər.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans zamanı Müstəqil Dövlətlər Birliyi məkanında qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə səylərin konsolidasiyası mövzuları müzakirə olunub, miqrasiyanın idarə olunmasına beynəlxalq yanaşmalar nəzərdən keçirilib, MDB dövlətlərində qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin təcrübəsi öyrənilib.
Diskussiyalar zamanı qeyri-qanuni miqrasiyanın həm MDB-nin iştirakçısı olan ayrı-ayrı dövlətlərin, həm də ümumilikdə Birliyin təhlükəsizliyinə və davamlı inkişafına ciddi təhdid olduğu xüsusi vurğulanıb.
Forumun işinin yekunlarına dair birgə bəyanat qəbul edilib.