MOSKVADA “XƏZƏR: HÜQUQİ PROBLEMLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
Fevralin 26-27-də Moskvada “Xəzər: hüquqi problemlər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransı Rusiya XİN nəzdindəki Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ/U) Beynəlxalq Yanacaq-Energetika Kompleksi İnstitutu və Moskva Beynəlxalq Neft-Qaz Klubu Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının köməyi ilə təşkil etmişlər.
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfrans iştirakçılarının çıxışları Xəzər dənizinin hüquqi statusu ilə bağlı problemlərə, habelə ətraf mühitin monitorinqinin və mühafizəsinin hüquqi cəhətdən nizama salınmasına, mineral və bioloji ehtiyatlardan istifadəyə, Xəzər dənizində gəmiçilik problemlərinə həsr olunacaqdır. XİN-də eyni onu da qeyd etmişlər ki, konfransın mövzusu iştirakçıların Xəzər dənizi problemlərinə dair danışıqlar prosesinin nəticələrinin dərk edilməsinə, sahilyanı dövlətlərin öz aralarında və regiondan kənar tərəfdaşlarla qarşılıqlı surətdə faydalı əməkdaşlığının möhkəm hüquqi bazasının yaradılması imkanları və perspektivlərinin təhlilinə, Xəzər regionunda sülhün və əmin-amanlığın təmin edilməsinə olan elmi və praktiki marağını əks etdirir.
Azərbaycan tərəfindən konfransda respublika xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edəcəkdir.
Konfransda Rusiya, İran, Qazaxıstan, Türkmənistan və ABŞ-ın rəsmi nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edəcəklər.
A.Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva