MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ
Martın 1-də Bərdə şəhərində Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa ediləcək Müalicə-diaqnostika mərkəzinin təməlinin qoyulması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev respublikamızın rəhbərinə məlumat verdi ki, 6 min kvadratmetr sahəsi olacaq yeni tibb müəssisəsi Avropa standartlarına uyğun tikiləcək, müasir avadanlıqla təchiz ediləcəkdir. 2006-cı ilin sonunadək, 10 ay ərzində istifadəyə verilməsi nəzərdə tutulan mərkəzin inşasında yerli fəhlələr də daxil olmaqla 200-ə yaxın işçi çalışır. Gələcəkdə bu səhiyyə ocağında yüzlərlə insan daimi işlə təmin olunacaqdır. Dördmərtəbəli binada cərrahiyyə, diaqnostika şöbələri, oftalmologiya, kompyuter tomoqrafiyası, kardiologiya kabinetləri də fəaliyyət göstərəcəkdir.
Dövlətimizin başçısına bildirildi ki, burada quraşdırılacaq avadanlıq Avropa ölkələrindən gətiriləcək, diaqnostika və müalicə üçün lazım olan avadanlıq isə dünyanın ən tanınmış, nüfuzlu şirkətləri tərəfindən quraşdırılacaqdır. Mərkəz üçün əlavə təcili tibbi yardım avtomobilləri də alınacaqdır. İstilik, elektrik enerjisi və su təchizatı tam təmin olunacaqdır.
Prezident İlham Əliyev binanın layihəsi ilə tanış oldu, onun müasir standartlara cavab verməsi üçün müvafiq tövsiyə və tapşırıqlarını söylədi. Tikintinin tezliklə başa çatdırılmasının zəruriliyini vurğulayaraq bildirdi ki, yerli sakinlər müalicə və müayinə üçün paytaxt və digər şəhərlərə üz tutmamalı, burada onlara hər cür şərait yaradılmalıdır.
Sonra dövlətimizin başçısı rəsmi təməlqoymanın rəmzi olan gilizi bünövrəyə atdı və ilk beton qarışığını tökdü, yeni müalicə ocağının xeyirli və uğurlu olmasını, xəstələrə şəfa verməsini arzuladı.
Prezident İlham Əliyev inşaatçılarla görüşüb hal-əhval tutdu. Onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.