MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev müdafiə sahəsində ABŞ-Türkiyə Respublikası “Qafqaz” işçi qrupunun rəhbərləri - Amerika Birləşmiş Ştatları müdafiə nazirinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavininin Avrasiya üzrə müavini xanım Mira Rekardeli və Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Qüvvələr və Strategiyanın Planlaşdırılması İdarəsinin rəisi general-leytenant Nüsret Taşdeleri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan-ABŞ və Azərbaycan-Türkiyə hərbi əlaqələri getdikcə genişlənir. Bir çox təzyiqlərə və Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan müstəqillik yolu ilə inamla addımlayır. Avropanın və dünyanın təhlükəsizlik strukturları NATO ilə onun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, ABŞ və Türkiyə Respublikası ilə ardıcıl surətdə əməkdaşlığı davam etdirir.
O, demişdir: “Biz ABŞ-ı özümüzün strateji tərəfdaşımız hesab edirik. Azərbaycan-ABŞ hərbi əməkdaşlığı 1997-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi və ABŞ-ın o zamankı müdafiə naziri cənab Uilyam S.Koenin Vaşinqtonda birgə bəyanat imzalaması ilə başlamışdır. İndiyə qədər bu istiqamətdə xeyli sənəd imzalanmışdır və bu iş durmadan davam etdirilir”.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taqımı Kosovada Türkiyə Silahlı Qüvvələri taburunun tərkibində beynəlxalq missiyanı davam etdirir, bir bölməsinin isə Əfqanıstanda aparılan antiterror əməliyyatlarında iştirakı məsələsi həll edilməkdədir.
Səmimi qəbul və qonaqpərvərlik üçün müdafiə nazirinə minnətdarlıq edən xanım M.Rikardel qeyd etmişdir ki, Azərbaycan qlobal terrorizmlə mübarizədə ABŞ-ı dəstəkləyən ilk dövlətlərdəndir.
“Qafqaz” işçi qrupu isə ilk dəfədir Azərbaycana gəlir. Biz Azərbaycana çox böyük strateji önəm veririk. “Azadlığı dəstəkləmə aktı”na 907-ci düzəlişin fəaliyyətinin dayandırılması bizə Azərbaycanla hərbi əmiəkdaşlıq etməyə də imkan yaratmışdır. Bu müddət ərzində xeyli nailiyyət əldə etmişik. Əməkdaşlığımızın bundan sonra daha səmərəli olacağına ümid bəsləyirik. Çünki biz böyük müttəfiqimiz olan Türkiyə Respublikası ilə əlbir çalışırıq. Türkiyə və ABŞ Azərbaycanın təhlükəsizlik məsələlərinə aid problemləri birgə həll etməyə çalışır. Üçtərəfli əməkdaşlıq sayəsində biz daha səmərəli işlər görəcəyik.
Xanım M.Rikardel əməkdşlığın gələcək perspertivləri barədə general-polkovnik S.Əbiyevlə geniş fikir mübadiləsi apararaq vurğulamışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyətini daha da genişləndirmək məqsədilə 1 milyon dollar məbləğində əlavə vəsait ayrılmışdır.
General-leytenant N.Taşdeler demişdir ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq yüksək səviyyədə davam edir. Biz bu istiqamətdə səylərimizi ABŞ ilə əlaqələndiririk. Məqsədimiz yeni layihələri həyata keçirməkdir. Görəcəyimiz işlər bu regionun sülh şəraitində yaşamasına və Azərbaycanda güclü ordunun yaradılmasına xidmət edəcəkdir. Biz Azərbaycanın NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsindəki fəaliyyətini dəstəkləyirik.
General-polkovnik S.Əbiyev demişdir: “ Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ona ilk olaraq əlini uzadan qardaş Türkiyə Respublikası olmuşdur. Türkiyə bizə Silahlı Qüvvələrimizin yaradılmasında çox yardım etmişdir. Bu gün isə biz ABŞ-Türkiyə birgə yardımına görə sizə minnətdarıq”.
Xanım M.Rikardel əlavə etmişdir ki, ABŞ da Azərbaycanın NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsindəki fəaliyyətini dəstəkləyir və bundan sonra da onun inkişaf etdirilməsi üçün hərtərəfli yardım göstərəcəkdir.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, Azərbaycanın NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığının məqsədi öz müstəqilliyini möhkəmləndirmək, regionda təhlükəsizliyi təmin etmək və NATO-ya inteqrasiya etməkdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson, Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi general-mayor Ümid Kalender və ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Komandanlığının Siyasət və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Ceffri Koxler iştirak etmişdir.