Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, ehtiramını ifadə edib.
Hospitalın korpuslarına baş çəkən müdafiə naziri orada müalicə alan şəxsi heyətlə görüşüb, onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə general-polkovnik Z.Həsənovun göstərişinə əsasən çoxfunksiyalı ən müasir 10 çarpayı hərbi hospitalın təminatına verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçulara bayram sovqatları təqdim edib, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.