Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının dövlət himni oxunub.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, veteranlar və valideynlər iştirak ediblər.
Hərbi qulluqçular, valideynlər və ictimaiyyətin nümayəndələri çıxışlar edərək gənc əsgərlərə nümunəvi və nizam-intizamla xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Sonra şəxsi heyət üçün konsert proqramları, əsgərlərin valideynləri ilə görüşləri təşkil edilib və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub.