Musa Nəbioğlu: “Aşığam, haqdan yanar çırağım” ikicildlik nəşri yekunlaşıb
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyinin (AAB) növbəti ikicildlik nəşri “Aşığam, haqdan yanar çırağım” yekunlaşıb. İrihəcmli toplunun birinci cildində aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin ustad aşıqlara həsr etdikləri şeirlərlə yanaşı, saz və aşıq havaları ilə bağlı da seçmə şeirlər, ikinci cilddə isə aşıqlar barədə qələmə alınan epik şeir, nəsr və dram əsərləri yer alıb. Burada S.Vurğun, A.Şaiq, M.Müşfiq, O.Sarıvəlli, M.H.Şəhriyar, B.Q.Səhənd, X.R.Ulutürk, B.Azəroğlu, Ə.Kərim, H.Arif, M.Günər, M.İsmayıl, Z.Yaqub və İ.Səfərli kimi görkəmli şairlərin poemaları, M.Y.Lermontov, H.Cavid, Ə.Vəliyev, M.İbrahimov, M.Hüseyn, İ.Şıxlı, İ.Muğanna, F.Kərimzadə, M.Süleymanlı, M.Aslan və digər ustad qələm sahiblərinin əsərlərindən seçmələr xronoloji ardıcıllıqla bir araya gətirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu deyib.
O qeyd edib ki, antologiya bu istiqamətdə hazırlanmış ilk ədəbi qaynaqdır: “Hər iki cildin elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Nəşrin birinci cildini hazırlayanlar Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filolofiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə professor Məhərrəm Qasımlı, ikinci cildi hazırlayanlar isə professor Məhərrəm Qasımlı və tədqiqatçı Nərmin Həsənova, redaktorları Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzarə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır”.