Mütəxəssis: Dünya əhalisinin 10-15 faizi bitki tozcuqlarına qarşı allergiyadan əziyyət çəkir
Bakı, 6 aprel, AZƏRTAC
Son dövrlər bir çox insanın əziyyət çəkdiyi xəstəliklər sırasında allergiya da var. Bu xəstəlik istər uşaqlar, istərsə də böyüklər arasında çox geniş yayılıb.
AZƏRTAC Azərbaycan Tibb Universitetinə (ATU) istinadla bildirir ki, bunu ATU-nun Tədris Terapevtik Klinikasının allerqoloqu, dosent Tahirə Pənahova deyib.
Həkimin sözlərinə görə, pollinoz geniş yayılmış allergik xəstəlikdir və tibdə bitki tozu allergiyası adlanır. Onun saman atəşi, polen rinopatiyası, polen bronxial astma, allergik rinokonyunktivit kimi bir sıra adları da var: “Yaz mövsümü üçün xarakterikdir. Bəzi ağaclara, otlara, çiçəklərə qarşı insanın nəfəs yollarında yaranan allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinoz latın sözündən götürülüb və tərcümədə tozcuq mənasını verir. Alimlərin məlumatlarına əsasən, dünya əhalisinin 10-15 faizi bitki tozcuqlarına qarşı allergiyadan əziyyət çəkir. Pasientlərin çox hissəsini meqapolisdə yaşayan 10-30 yaşlı cavanlar təşkil edır. Kənd əhalisində pollinoza az təsadüf olunur. Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir”.
Allerqoloq bildirib ki, əsasən aprel ayında təsadüf olunan pollinoz - burun və gözlərin selikli qişalarının ödəmi, burun tutqunluğu, zökəm, asqırma, öskürək, boğulma, iybilmənin pozulması, qaşınma və dəri səpkiləri ilə xarakterizə edilir.
Pollinozun yaranma səbəblərindən danışan həkim xəstəliyin inkişafında allergen rolunu bitki və ağacların tozcuqlarının oynadığını deyib: “10-15 mikron böyüklüyündə olan kiçik tozcuqlar xəstənin dəri və selikli qişalarına çökərək, orqanizmdə spesifik reaksiya törədir. Pollinozun kəskinləşmə dövrü bır sıra ağac və bitkilərin çiçəklənmə mərhələsi ilə üst-üstə düşür. Palıd, qoz, ağcaqayın ağaclarının tozcuqlarına allergiyası olan xəstələrdə aprel və may aylarında kəskinləşmələr müşahidə edilir. Yovşan, ambroziya allergik reaksiya verən insanlar avqust və sentyabrda xəstəliyin əlamətlərindən əziyyət çəkirlər. Klinik təzahürlərin ifadəliliyi havadan asılıdır. Küləkli quru havada uçan tozcuqların konsentrasiyası yüksəlir, pollinozun simptomları güclənir. Yağışlı, nəm havada isə az miqdarda tozcuğa rast gəlindiyindən əlamətlər yüngül olur. Pollinozun yaranmasında irsi meyllilik həlledici rol oynayır. Xəstəliyin əlamətləri 2 həftədən 5 həftəyə qədər davam edir”.
Mütəxəssis bildirib ki, xəstəlik 2 mərhələdə inkişaf edir: “Birinci dövrdə xəstəliyin klinik təzahürləri müvəqqəti olur. Pasiyentlər burun, udlaq, qulaq və traxeya nahiyəsinin qaşınmasından şikayətlənirlər. Xəstənin göz qapaqları şişkin və hiperemiyalı olur. Fasiləsiz asqırma tutmaları xarakterik əlamət sayılır. Burundan selikli ifrazatlar axır. İşıqdan qorxma, gözlərin sulanması ilə müşayiət olunan allergik konyunktivit inkişaf edir. Allergenin təsirindən 6-8 saat keçdikdə, ikinci faza başlanır. İltihabi reaksiyalar güclənir. Bəzı hallarda “tozcuq intoksikasiyası”- zəiflik, qıcıqlanma, iştahanın azalması qeyd olunur. Mövsüm sona çatdıqda, xəstəliyin əlamətləri də aradan qalxır”.
Pollinozun profilaktikasından da danışan həkim əlavə edib ki, xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir və müalicə allerqoloqlar tərəfindən aparılır: “Pollinozlu pasiyentlərin allergenlə təması məhdudlaşdırılmalıdır. Əgər imkan varsa, ağac və bitkilərin çiçəklənmə dövründə digər iqlim zonasına getmək lazımdır. Quru və küləksiz günlərdə otağın havası tez-tez dəyişdirilməlidir. Mənzilə allergenin daxil olmasının qarşısını almaq üçün pəncərəyə qalın və nəm parça vurulmalı, xəstələr küçədən evə daxil olduqda, duş qəbul etməlidir. Kəskinləşmə dövründə allergeni uzaqlaşdırmaq məqsədilə gündə bir neçə dəfə gözləri yumaq və boğazı yaxalamaq məsləhətdir”.