REGİONLAR
Muxtar respublikada 383 növdə məhsul istehsal olunur
Naxçıvan, 21 iyun, AZƏRTAC
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları da davamlı olaraq yaxşılaşdırılıb. Bu ilin yanvar-may aylarında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 34 milyon 638 min manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 51,3 faiz çoxdur. Verilmiş kreditlərin 5 milyon 101 min 300 manatı və yaxud 14,7 faizi qısamüddətli, 29 milyon 536 min 700 manatı və yaxud 85,3 faizi uzunmüddətli kreditlər olub.