DÜNYA
Myanmada “Yaqi” qasırğasının fəsadlarından ölənlərin sayı 116 nəfərə çatıb
Pekin, 15 sentyabr, AZƏRTAC
Son illərin ən güclü qasırğalarından olan “Yaqi”nin Myanmaya gətirdiyi şiddətli yağışların yaratdığı sel və daşqınlar, torpaq sürüşmələri, palçıq axını səbəbindən ölənlərin sayı 116-ya yaxınlaşıb, 60-dan çox sakin itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Myanma mediası məlumatlar yayıb. Güclü yağışlar paytaxt Neypido şəhəri də daxil olmaqla ölkənin şimal-qərb və mərkəzi hissələrində daha çox fəsadlar törədib. Çaylarda yaranan sel sahildəki yaşayış məntəqələrində evləri dağıdıb. Ümumilikdə 73 mindən çox evə ziyan dəyib. Daşqın və palçıq axını körpüləri və avtomobil yollarını dağıdıb.
Təbii fəlakət nəticəsində 320 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Bəzi ekspertlər Myanmada humanitar böhranın yaranması ehtimalının böyük olduğunu bildirirlər.
Myanma hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım istəyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin