NAFTALAN RESPUBLİKAMIZDA GEDƏN İNKİŞAFDAN GERİ QALMAMALIDIR
Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Füzuli Sadıqov bir il ərzində görülən işlərə nəzər salaraq qazanılan uğurlarla yanaşı, nöqsanlardan da danışmışdır. Respublika iqtisadiyyatında əldə olunan nailiyyətləri xatırladan natiq Naftalanın bu yüksəlişdən geri qaldığını təəssüf hissi ilə qeyd etmiş və bunu bir neçə amillə əsaslandırmağa çalışmışdır. Məruzəçi qeyd etmişdir ki, Naftalan kurort şəhəridir və onun iqtisadiyyatının əsasını bu sahə təşkil edir. Dünyada yeganə müalicəvi əhəmiyyəti olan neftdən səmərəli istifadə olunması məqsədi ilə Naftalan şəhərinin inkişaf təməli hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə şəhərdə “Azərbaycan”, “Qarabağ”, “Çinar” və “Şirvan” sanatoriyaları üçün çoxmərtəbəli binalar tikilmiş, Naftalan kurortunun maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Həyata keçirilən bu tədbirlər nəticəsində əvvəllər burada il ərzində 60 mindən çox xəstə müalicə olunurdu ki, onların da 70 faizi keçmiş ittifaq respublikalarından gəlirdi. Lakin 1988-ci ildən sonra Naftalan kurortu durğunluq dövrünə qədəm qoydu. Məlum hadisələr zamanı sanatoriyalarda qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, keçmiş ittifaq respublikalarından müalicəyə gələnlərin sayının kəskin surətdə azalması nəticəsində sanatoriyalar fəaliyyətini dayandırmış və şəhərin iqtisadiyyatı, demək olar ki, iflic vəziyyətinə düşmüşdür. Cəmi 8 minə yaxın əhalisi olan Naftalan sakinlərinin çox hissəsi dolanışıq ucbatından başqa yerlərə getməli olmuşdur.
Yaranmış bu vəziyyəti aradan qaldırmaq üçün şəhər icra hakimiyyəti başçısının aparatında işçi qrupu yaradılmışdır və özəl bölmənin inkişafı üçün konkret tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bunun nəticəsində keçən il şəhərdə 100 yerlik sağlamlıq-istirahət mərkəzi inşa edilərək istifadəyə verilmişdir. Mərkəzdə 67 nəfər işlə təmin olunmuşdur. Bundan başqa, sahibkarlar tərəfindən 20-dən artıq ticarət, ictimai iaşə və məişət xidməti obyekti açılmışdır. Həmçinin əhalinin tikinti materiallarına olan tələbatını ödəmək məqsədi ilə gips və döşəmə plitələri istehsal edən sexlərin işə düşməsi nəticəsində 98 nəfər özünə daimi iş əldə etmişdir. Nəqliyyat Nazirliyinin şəhərimizdə yaratdığı 62 nömrəli yol-istismar idarəsində isə 21 nəfər işlə təmin olunmuşdur. Ümumiyyətlə 2005-ci ildə Naftalanda 808 iş yeri açılmışdır.
Müşavirədə ötən il aparılan abadlıq və quruculuq işlərində yaxından iştirak edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlıq bildirilmişdir. Qeyd olunmuşdur ki, şəhərin mərkəzi meydanının və bir sıra park və xiyabanların yenidən qurulmasında yaxından iştirak edən rabitəçilər bu işi indi də uğurla davam etdirirlər.
Müşavirədə şəhər təhsil şöbəsinin müdiri Sarıgül Əliyeva, Naftalan Kurort Birliyinin baş həkimi Hətəm Qocayev, şəhər bələdiyyəsinin sədri Zöhrab Adıgözəlov və başqaları çıxış edərək, respublikamızda yeganə müalicə ocağı olan Naftalanda yığılıb qalmış problemlərin həlli üçün arzu və təkliflərini bildirmişlər. Bəzi işbazların Naftalan neftini avtomaşınlarla daşıyaraq respublikamızın müxtəlif bölgələrində müalicə məntəqələri açmalarını təhlükəli hal kimi qiymətləndirən müşavirə iştirakçıları, bunun həm də Naftalanın sosial-iqtisadi inkişafına mənfi təsir göstərdiyini söyləmişlər.
Müşavirədə Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov və Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzəmmətov çıxış edərək, son illər respublikamızda gedən sosial-iqtisadi inkişafdan geri qalan Naftalanda əsaslı dönüş yaradılması üçün rayon rəhbərliyinin qarşısında duran vəzifələrdən danışmışlar. Müşavirənin sonunda 2006-cı ildə görüləcək işlərə dair tədbirlər planı təsdiq edilmiş və Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.