ELM VƏ TƏHSİL
“Nanjing Hanjia Cultural Exchange” təşkilatının nümayəndələri Aİİ-də tələbələrin suallarını cavablandırıblar
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Çin Xalq Respublikasının Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Nanjing Hanjia Cultural Exchange” təşkilatının rəhbəri Ben Bun Duo, təşkilatın region üzrə rəsmi partnyoru, “Clarivate Analytics” bazasının ölkəmizdə təşkil etdiyi təlim proqramının rəsmi eksperti Xəyalə Məmmədova və təşkilatın layihə meneceri Faiq Ağabalıyevin tələbələrlə görüşü təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə ali təhsil müəssisəsində müxtəlif mövzularda seminarların, dəyirmi masaların və görüşlərin təşkil olunduğunu qeyd edib. İlkin Əlimuradov uğura nail olmaq, qarşıya qoyulan məqsədə çatmaq və sənətinin peşəkarı kimi yetişmək üçün təşkil olunan tədbirlərin əhəmiyyətini vurğulayıb.
Xəyalə Məmmədova bildirib ki, Çin Xalq Respublikasının universitetlərində istənilən ixtisas üzrə təhsil almaq, həmçinin təlimlərdə iştirak etmək mümkündür. Məqsədimiz Çin mütəxəssislərinin Azərbaycana gəlişini təmin etmək, ikili diplom dərəcələrinin verilməsi istiqamətində universitetlərlə əməkdaşlığı gücləndirməkdir.
Ben Bun Duo iki ölkə arasında qədim tarixi olan dostluq münasibətlərinin müasir dövrümüzdə yeni müstəvidə inkişaf etdiyini nəzərə çatdırıb. O, Çinin aparıcı ali təhsil müəssisələrində təhsil almaqla yanaşı, fərqli mədəniyyətin bir parçası kimi yaşamağın, dünyagörüşünü genişləndirməyin, karyera imkanlarını artırmağın və yeni bir dil öyrənməyin faydalarından da bəhs edib.
Faiq Ağabalıyev isə Çinin dünya səviyyəli yüksək təhsil üçün əlverişli məkana çevrildiyini vurğulayıb. Qeyd edib ki, Çin bir sıra ölkələrlə akademik nailiyyətlərin qarşılıqlı tanınması haqqında razılıq əldə edib.
Sonda “Nanjing Hanjia Cultural Exchange” təşkilatının nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.