NAPOLEONUN MEBEL DƏSTİ ÖZBƏKİSTAN KOLXOZUNU BƏZƏYİR
Özbək sənətşünaslar belə bir ehtimalı da istisna etmirlər ki, bu mebel dəsti Bonapartın özünə məxsus olmuşdur, çünki iri yazı masasının üstündə Napoleonun qızıla tutulmuş gerbi var.
Yerli ağsaqqaların dediklərinə görə, nadir mebel dəstini Leninqraddan qışlağa kolxozun o vaxtkı təchizatçısı Aron Moiseyeviç Kaplan gətirmişdir. O, soğan və quru meyvə yüklənmiş bir neçə vaqonla şimal paytaxtında ezamiyyətdə olarkən imperator mebelini leninqradlı akademik Belinkovun dul arvadından almışdır. Ona isə mebel ulu babasından - çar məmurundan miras qalmışdır. Çar I Aleksandr mebeli Parisdən qələbə yadigarı kimi gətirmiş, sonra isə hansısa xidmətlərinə görə öz yaxın adamına bağışlamışdır.
Çin ipəyindən üz çəkilmiş imperator mebeli əlli il kolxoz sədrinin kabinetini bəzəmişdir. Bu illər ərzində yüksək vəzifəli məmurlar dəfələrlə onu Daşkəndə aparmağa cəhd göstərmiş və hər dəfə də sədrdən qəti rədd cavabı almışlar. Sədr inadcıllığına görə partiyadan çıxarılmış və hətta 7 il həbsxanada yatmışdır. Buna baxmayaraq, mebel kolxozda qalmışdır.
Təəssüf ki, ötən yarım əsrdə mebel dəsti bir qədər azalmışdır. Bir kreslo, masa və divanın söykənəcəyini bəzəyən iki qızılı qadın başı yoxa çıxmışdır.
İki il əvvəl Napoleonun mebeli üçün xüsusi otaq ayırmış və burada kolxoz muzeyi təşkil etmişlər.